Füzulidə uçuşların başlaması Azərbaycanın mülki aviasiyasının inkişafında yeni dövrü əks etdirir - AZAL
Füzulidə uçuşların başlaması Azərbaycanın mülki aviasiyasının inkişafında yeni dövrü əks etdirir.
Trend xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) mətbuat xidmətinin rəhbəri Fərid Hüseynov Qarabağa mətbuat turu çərçivəsində jurnalistlərə deyib.
"İyulun 17-dən etibarən "Azərbaycan Hava Yolları" Bakıdan Füzuliyə və əks istiqamətdə müntəzəm reyslərə başlayıb. Bu, iftixar hissi doğuran böyük hadisədir, çünki milli aviadaşıyıcı tarixində ilk dəfədir ki, Qarabağa müntəzəm uçuşlar yerinə yetirir. Füzuliyə uçuşların həyata keçirilməsi ölkəmizin mülki aviasiyasının inkişafında yeni mərhələdir", - o deyib.
Onun sözlərinə görə, reyslər vətəndaşlarımıza Qarabağın incisi olan Şuşaya, Laçına və digər ərazilərə daha sürətli və rahat şəkildə səfər etməyə imkan yaradacaq.
"Füzuliyə müntəzəm uçuşlar "Böyük Qayıdış" dövlət proqramının həyata keçirilməsinə töhfə verməklə yanaşı, regionun turizm və iqtisadiyyatının inkişafı üçün yeni perspektivlər açacaq. Bakı-Füzuli-Bakı marşrutu üzrə reyslər həftədə iki dəfə olmaqla bazar ertəsi və cümə günləri həyata keçirilir. Uçuş müddəti 50 dəqiqə təşkil edir", - deyə o əlavə edib.
Xüsusən qeyd etmək lazımdır ki, Aviabilet əldə etmək üçün yolumuzqarabaga.az portalına daxil olub icazə prosesini keçmək və xüsusi kod əldə etmək lazımdır. Bu kod AZAL-ın rəsmi saytı və ya tətbiqindən bilet alarkən təsdiq üçün tələb olunur. Nəzərə alınmalıdır ki, Qarabağa giriş xüsusi icazə tələb etdiyinə görə aviabiletləri yalnız Bakı-Füzuli-Bakı marşrutu üzrə və yalnız Azərbaycan vətəndaşları əldə edə bilərlər.
Qeyd edək ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollegiyasının qərarına əsasən, Bakı-Füzuli/Füzuli-Bakı istiqamətində aviabiletlərin qiyməti bir tərəfə 78 manat təşkil edir. Bu qiymətə 10 kq əl yükü və 23 kq baqaj daxildir.
2 yaşdan 12 yaşa qədər uşaqlar üçün gediş haqqına 25%, 2 yaşa qədər körpələr üçün isə 90% endirim nəzərdə tutulub.